Yaroslavlda Azərbaycan Mədəniyyət Mərkəzinin təntənəli açılışı olmuşdur

Dekabrın 22-də Yaroslavl Azərbaycanlılarının Milli Mədəni Muxtariyyətinin (YAMMM) Azərbaycan Mədəniyyət Mərkəzinin təntənəli açılış mərasimi olmuşdur. Yaroslavl şəhərinin meri Viktor Volonçunas və Azərbaycanın Rusiyadakı Səfiri Polad Bülbüloğlu mərasimin fəxri qonaqları olmuşlar.

Azərbaycanın RF-dəki Səfiri Polad Bülbüloğlunun Yaroslavla səfəri və Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı günündə bir sıra əhəmiyyətli tədbirlər və görüşlər baş tutmuşdur. Polad Bülbüloğlu başda olmaqla nümayəndə heyətini mərasimdən əvvəl mer Viktor Volonçunas və Yaroslavl vilayəti qubernatorunun müavini Sergey Berezkin qəbul etmişlər. Görüşlərdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparılmışdır.

V.Volonçunas və S.Berezkin Səfirə şəhərin və vilayətin sosial-iqtisadi vəziyyəti, inkişaf perspektivləri və investisiya imkanları barədə geniş məlumat vermişlər. Şəhərin Azərbaycan icmasının quruculuq işləri, əlli minlik Azərbaycan icmasını birləşdirən YAMMM fəaliyyətinin əhəmiyyəti, onun cəmiyyətdə millətlərarası sülhün və həmrəyliyin dəstəklənməsinə və möhkəmlənməsinə töhfəsi xüsusi vurğulanmışdır. Şəhərin və vilayətin rəsmi şəxsləri tərəfindən şəhərin və vilayətin inkişafı və tərəqqisi kontekstində YAMMM-ın müsbət rolu bir daha təsdiq edilmişdir.

Öz növbəsində Səfir Azərbaycanla Rusiya arasında çoxəsrlik mehriban qonşuluq münasibətlərini yüksək qiymətləndirmiş və bu münasibətlərin iki dost dövlətin və xalqın gənc nəsil nümayəndələri tərəfindən daha da möhkəmləndirilməsi və inkişafının vacibliyini qeyd etmişdir.

Daha sonra Səfirin və şəhər merinin iştirakı ilə muxtariyyətin Azərbaycan Mədəniyyət Mərkəzinin təntənəli açılışı olmuşdur. Açılış mərasimində Yaroslavl şəhərinin meri Viktor Volonçunas, Azərbaycanın Rusiyadakı Səfiri Polad Bülbüloğlu və YAMMM-ın prezidenti Asman Hüseynov çıxış etmişlər.

Mərkəzdə qurumun baş ofisi, Azərbaycan dilində bazar günü məktəbi, qadınlar şurası, ibadət otağı, çayxana, idman zalı və s. yerləşir.

Mərkəzdə xüsusi yeri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr edilmiş muzey tutur. YAMMM-in prezidenti Asman Hüseynovun mərasimdə qeyd etdiyi kimi, yaşadığı yerdən asılı olmayaraq hər bir azərbaycanlı üçün ümummilli liderin xatirəsi müqəddəsdir.

Yaroslavl vilayətində mövcud olan 24 milli-mədəni muxtariyyət arasında yalnız YAMMM-ın əsaslı şəkildə təmir olunmuş şəxsi binası, həmçinin şəhər və vilayət miqyasında uğurlu çıxışları ilə fərqlənə bilmiş "Abşeron" adlı futbol klubu vardır.

Rəsmi şəxslərlə yanaşı müxtəlif milli-mədəni muxtariyyətlərin nümayəndələrinin iştirak etdiyi təntənəli açılış mərasimindən sonra Yaroslavl vilayətində millətlərarası münasibətlərin harmoniyası və vətəndaş həmrəyliyinin möhkəmləndirilməsi mövzusunda dəyirmi masa keçirilmişdir.

Tədbirin əvvəlində Azərbaycan və YAMMM-ın fəaliyyətinin əsas mərhələləri haqqında video-çarx nümayiş etdirilmiş, təşkilatın vitse-prezidenti Əsəd Allahverdiyev YAMMM-ın fəaliyyəti barədə ətraflı məlumat vermişdir. Tədbirdə həmçinin Yaroslavl şəhərinin meri Viktor Volonçunas, Azərbaycanın Rusiyadakı Səfiri Polad Bülbüloğlu, rəsmi və ictimai dairələrin nümayəndələri çıxış etmişlər.