Moskvada Ümumrusiya Azərbaycan Konqresinin III qurultayı keçirilmişdir

Cari ilin 25 noyabr tarixində Moskvada Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) III qurultayı keçirilmişdir. Burada Rusiya Federasiyasının müxtəlif bölgələrindən 119 nümayəndə iştirak etmişdir. Qurultayda iştirak etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Rusiyaya səfər etmişdir. Rusiya tərəfindən qurultayda Rusiya Federasiyası Prezidenti Administrasiyasının Xarici ölkələrlə regionlararası və mədəni əlaqələr üzrə idarəsinin rəisi Sergey Vinokurov, Regional əməkdaşlıq, millətlərarası siyasət və dini təşkilatlarla əlaqələr Departamentinin rəhbəri Yuriy Artyux və Dövlət Dumasının MDB və həmvətənlərlə əlaqələr üzrə komitəsinin sədri Aleksey Ostrovskiy iştirak etmişdilər.

Rusiya Federasiyası Prezidenti Administrasiyasının Xarici ölkələrlə regionlararası və mədəni əlaqələr üzrə idarəsinin rəisi Sergey Vinokurov və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Dmitriy Medvedivin təbrik müraciətləri oxundu.

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev qurultay iştirakçıları qarşısındakı çıxışında azərbaycan diasporu ilə iş sahəsində ölkə siyasəti barədə, Azərbaycan və Rusiya dövlətlərarası münasibətlərin yüksək səviyyəsi barədə danışdı. Onun sözlərinə görə Konqresin növbəti qurultayının keçirilməsi çoxsaylı Rusiya azərbaycanlıları diasporunun həyatında əlamətdar hadisədir. "Qurultayın qərarları diaspor fəaliyyətinin aktivləşməsi üçün müsbət təkan verəcəkdir" deyə o qeyd etdi. R.Mehdiyev xüsusi ilə qeyd etdi ki, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra xaricdə yaşayan həmvətənlərlə iş prioritet istiqamətlərdən birinə çevrilmişdir, "Ümummilli lider Heydər Əliyev Respublikaya başçılıq etdikdən sonra, diasporla iş mütəmadi şəkil aldı". "Azərbaycan dövlətinin fəaliyyəti və dəstəyi sahəsində, ÜAK Rusiyanın 83 subyektindən regional bölmələri öz ətrafında cəmləşdirməyə nail oldu" deyə o qeyd etdi. Ramiz Mehdiyev Rusiyada Azərbaycan gənclərinin birləşməsində mühüm rolu RAGT-ın oynadığını qeyd etdi, "RAGT-ın yaradılması ciddi və uğurlu gənclər layihəsidir. "R.Mehdiyev Rusiya azərbaycanlılarının geniş intellektual, iqtisadi, mədəni və ictimai-siyasi imkanlara malik olduğunu və Azərbaycan diasporunun Rusiya cəmiyyətinə uğurla inteqrasiya etdiyini bildirdi.

Azərbaycan-Rusiya münasibətlərinə toxunan Ramiz Mehdiyev bildirdi ki, Rusiya ilə münasibətlər Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. "Heydər Əliyev və Vladimir Putin münasibətlərin normallaşması, inkişafı və möhkəmlənməsi sahəsində möhkəm bünövrənin əsaslarını qoyublar. Bu istiqaməti indiki dövlət başçıları İlham Əliyev və Dmitriy Medvedev davam etdirməkdədirlər. Biz Qəbələ RLS-ın istismarı şərtləri və statusu, Xəzər Dənizinin statusu və dövlət sərhəddi üzrə kimi məsələlərdə razılığa gəlmişik. Rusiya, bu növ saziş imzaladığımız ilk ölkə oldu. Azərbaycan-Rusiya münasibətləri zirvədədir" deyə o bildirdi. Administrasiya rəhbəri həmçinin Azərbaycanda rus dilinə göstərilən diqqətli münasibət, ölkənin siyasi, iqtisadi nailiyyətləri və Azərbaycan həqiqətlərinin təbliğatı zərurəti barədə bəhs etdi.

Azərbaycan diasporunun fəaliyyəti mövzusuna diqqət yetirən R.Mehdiyev dedi: "Dünya azərbaycanlılarının sonuncu Qurultayında cənab İlham Əliyev diaspor təşkilatlarının əsas məqsədləri və fəaliyyət istiqamətlərini dəqiqləşdirmişdir. O qeyd etmişdir ki, diaspor fəaliyyətinin gücləndirilməsi üçün indi ki ərəfədə xaricdəki həmvətənləri birləşdirən bütün təşkilatların fəaliyyəti yaxından əlaqələndirilməlidir. Bu sahədə başqa ölkədə, o cümlədən Rusiyada yaşayan hər bir azərbaycanlının diaspor təşkilatının üzvü olmasında, keçirilən tədbirlər və layihələrdə iştirak etməsində, dəstək göstərməyə hazır olmağında və lazımı təqdirdə dəstək görməyində zərurət var.

Bir sıra xarici ölkələrdə bizə qarşı, ölkəmizi və xalqımızı ləkələməyə çalışan müəyyən qüvvələr fəaliyyət göstərməkdədir. Bu səbəbdən biz düşmənə qarşı Azərbaycan həqiqətlərindən əks təbliğat kimi daha aktiv şəkildə istifadə etməliyik. Onların yalanlarını ifşa etmək üçün biz bütün mümkün imkanlardan istifadə edərək məqsədyönlü şəkildə müxtəlif tədbirlər, konfranslar və simpoziumlar keçirməliyik. Qəzet və jurnallar buraxmalıyıq, beynəlxalq şəbəkədə Azərbaycan xalqının tarixi, mədəniyyəti və adət ənənələrinə həsr olunmuş saytlar yaratmalıyıq. Bu ümummilli təyinatı olan məsələlərdir və bu işdə dövlət sizlərə hər cür dəstək göstərməyə hazırdır.

Qarşıya qoyulmuş məsələlərin həlli üçün Ümumrusiya Azərbaycanlılar Konqresi Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi ilə əlaqələndirməni gücləndirməlidir. İlham Əliyev qeyd etdiyi kimi – Səfirlik Azərbaycan dövlətinin parçasıdır, Azərbaycan dövlətinin xaricdəki simvoludur. Gələcəkdə diaspor təşkilatları və Səfirlik vahid komanda kimi işləməlidir. Fikrimcə dövlət başçısının bu tövsiyələri gələcəkdə Azərbaycan təşkilatlarına Rusiyanın siyasi-ictimai həyatında iştirak etməyə, həmçinin ölkə daxili və Federasiyanın müxtəlif subyektlərində həmvətənlərin maraqlarını layiqincə təmsil etməyə vadar edəcək.

Ümid edirəm ki keçirilən qurultay Rusiya Federasiyasındakı çoxsaylı Azərbaycan diasporunun işinin daha da təkmilləşməsinə imkan yaradacaq.

Qurultayda qəbul olunmuş qərarlar Azərbaycan-Rusiya münasibətlərinin daha da inkişaf etməsinə səbəb olacaq".

Daha sonra Ramiz Mehdiyev ÜAK prezidenti Məmməd Əliyevə "Dostluq" ordenini, həmvətənimiz, tanınmış rusiyalı iş adamı Qod Nisanova xeyriyyəçilik və Rusiyadakı həmyerlilərimizə dəstəyə görə "Tərəqqi" medalını təqdim etdi. Həmçinin "Dərviş" Moskva teatrının rejissoru Mərdan Feyzullayev "Azərbaycanın əməkdar artisti" adı ilə təltif olundu.

Tədbirdə çıxış edən Azərbaycanın Rusiyadakı Səfiri Polad Bülbüloğlu Səfirliyin və diplomatik nümayəndəliklərimizin diaspor təşkilatlarımızın fəaliyyətinə hər cür dəstək göstərməyə hazır olduqlarını bildirdi.

Tədbirdə həmçinin ÜAK-ın Moskva şöbəsinin sədri İlqar Hacıyev, ÜAK İvanovsk regional bölməsinin sədri Sərraf Məmmədov, "Ulduz" prodüser şirkətinin baş müdirinin birinci müavini Rüstəm Arifcanov, Milli Məclisin deputatı Mixail Zabelin, ÜAK Sverdlovsk regional bölməsinin sədri Şahin Şıxlinski və İTAR-TASS-ın baş müdirinin birinci müavini Mixail Qusman çıxış etmişdilər.

Tədbirdə II-ci Qurultaydan sonrakı dövrdə görülmüş işlər barədə hesabat, yoxlama komissiyasının hesabatı oxunulmuş, təşkilatın nizamnaməsinə dəyişikliklər edilmişdir. ÜAK gələcək fəaliyyətinin perspektivləri barədə geniş müzakirələr aparılmışdır.

Qurultay iştirakçıları Rusiya Prezidenti Dmitriy Medvedev və Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlanmış müraciəti, həmçinin III Qurultayın bəyannaməsini qəbul etdilər.

Daha sonra Konqres təşkilatı məsələləri həll etdi. ÜAK-ın prezidenti Məmməd Əliyev Ümumrusiya Azərbaycanlıları Konqresinin rəhbəri vəzifəsinə növbəti dəfə seçildi. ÜAK-ın baş katibi vəzifəsinə Mikayıl Hüseynov seçildi. Həmçinin ÜAK-ın Mərkəzi Şurasının Prezidiumunun üzvləri seçildi.

Bununla da qurultay öz işini yekunlaşdırdı.