Moskvada Tahir Salahovun sərgisi açılıb
Cari ilin 29 noyabr tarixində Moskvada, "Aydan qalereya"da böyük ustad, Rusiyanın və Azərbaycanın Xalq Rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, SSRİ Dövlət mükafatları laureatı, dünyanın 20-dən çox rəssamlıq akademiyasının və digər yaradıcılıq təşkilatının üzvü Tahir Salahovun əsərlərindən ibarət "Min bir gecə" adlı sərgi açılmışdır.
Qalereyanın direktoru, Rusiya Rəssamlıq Akademiyasının üzvü Aydan Salahova bildirmişdir ki, bu sərgi atasının doğum gününə hədiyyəsidir. Bu il tanınmış rəssam 83 illiyini qeyd edir.
O demişdir ki, sərgidə Fikrət Əmirovun ötən il Dövlət Kreml Sarayında yeni tərtibatda premyerası olmuş "Min bir gecə" baletinə dekorasiyaların eskizlərinin orijinalları, həmçinin həmin dekorasiyaların eskizləri əsasında Gəncənin xalçaçı qadınlarının toxuduqları iki xalça ilk dəfədir ki, nümayiş etdirilir.
Sərginin təşkilinə və açılmasına kömək edən hər kəsə Tahir Salaxov böyük minnətdarlığını bildirmişdir. O, xatırlatmışdır ki, çox istedadlı insanların - rəssam, şair və yazıçıların vətəni olan əsrarəngiz bir diyarda - Naxçıvanda bu yaxınlarda onun əsərlərinin sərgisi ən yüksək səviyyədə təşkil olunmuşdur. F.Əmirovun "Min bir gecə" baletinə dekorasiyaların eskizlərinin sərgisindən və Rusiya səhnəsindəki nümayişindən danışan Tahir Salaxov demişdir ki: "hər dəfə minlərlə tamaşaçı Azərbaycan və Rusiya mədəniyyət ustalarının istedadının təntənəsinin şahidi olur. Bu, olduqca əlamətdar, xoş və şərəf gətirən bir hadisədir".
Azərbaycanın Rusiyadakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu sərginin açılışında bildirmişdir ki, Azərbaycan və Rusiya xalqlarının fəxri olan Tahir Salahov sağlığında əfsanəyə çevrilmiş böyük ustaddır. Səfir demişdir: "Onun barəsində danışmaq asandır, çün ki o, dünya şöhrətli insandır. Digər tərəfdən isə bu çətindir. Çün ki, onun sənətinin daşıdığı mənanı ifadə etmək üçün daim yeni sözlər axtarışında olmaq lazımdır. Onun barəsində çox şey deyilib və yazılıb – incəsənətdə, qrafikada, teatrda, ictimai xadim kimi. Lakin bunlarda kifayət deyil, Tahir Salaxov şəxsiyyəti özündə azərbaycan xalqının müdrikliyini, azərbaycan mədəniyyətinin çox şaxəliyini təcəssüm edir".
Rəssamın dostu, həyat yoldaşı və həmkarı Varvara Aleksandrovna Salaxovanın əməyi barədə bəhs edən Səfir bildirdi ki: "O həyatının böyük hissəsini Teymur Teymuroviçə həsr edib, buna görə o öz yaşında belə yaxşı və gümrah görünür. Onun işləri isə öz yeniliyi ilə heyran edir. "Min bir Gecə" baletində iştirak edənlər, ustadın geniş təfəkkürünün şahidi olublar. Mən Tahir Salaxova uzun və sağlam ömür arzulayıram. Özünə və bizlərə onun 100 illiyini qeyd etməni arzulayıram".
Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Sereteli də Tahir Salahovu təbrik edərək böyük rəssamın misilsiz sənətkar olduğunu vurğulamışdır. O, ümummilli lider Heydər Əliyevlə görüşlərini xatırlayaraq bildirmişdir ki, ulu öndər bədii sənətə yaxşı bələd idi və rəssamlara böyük diqqət yetirirdi, o cümlədən Tahir Salaxov sənətinin pərəstişkarı idi.
"Aydan qalereya"da Tahir Salahovun əsərlərindən ibarət "Min bir gecə" sərgisi dekabrın 10-dək davam edəcəkdir