Azərbaycanın Rusiyadakı səfirliyində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilmişdir

24 dekabrda Azərbaycanın Rusiyadakı Səfirliyində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə artıq ənənəyə çevrilmiş illik görüş keçirilmişdir.

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfiri Polad Bülbüloğlu tədbiri açaraq, builki görüşün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 50 illik yubileyi ilə bir vaxta təsadüf etdiyini xüsusilə vurğulamışdır. Səfir Səfirlik və Rusiyadakı azərbaycanlılar adından dövlətimizin başçısını ürəkdən təbrik etmiş, onun ünvanına səmimi və ən xoş arzularını ifadə etmişdir.

Polad Bülbüloğlu öz çıxışında qeyd etmişdir ki, ötən 20 il ərzində Azərbaycan mürəkkəb inkişaf yolu keçmiş və yalnız xalqımızın ümummilli lideri Heydər Əliyevin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən müdrik siyasəti sayəsində ölkəmiz dünyanın inkişaf edən, zəngin daxili potensiala və yüksək beynəlxalq nüfuza malik müasir dövlətlərindən birinə çevrilmişdir. O, həmçinin bildirmişdir ki, Rusiyadakı Azərbaycan diasporu yola saldığımız ili daha sıx birləşərək yekunlaşdırır ki, bu da onun Rusiyanın ictimai-siyasi həyatında daha fəal iştirakı üçün yeni imkanlar açır. Səfir xatırlatmışdır ki, məhz ümummilli lider Heydər Əliyev öz tarixi Fərmanı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü təsis etmişdir. Səfir demişdir - "Heydər Əliyevin xaricdə yaşayan azərbaycanlılara harada yaşamalarından və məşğuliyyət növlərindən asılı olmayaraq heç vaxt azərbaycanlı olduqlarını, doğma dillərini və mədəniyyətlərini unutmamaları ilə bağlı tapşırığı bu gün də aktualdır, həmişə də aktual ocaqdır, belə ki, bu tapşırığın dərki və Heydər Əliyevin tövsiyələrinə əməl etmək vacib birləşdirici faktordur".

Səfir Rusiyadakı azərbaycanlıların Rusiya Federasiyasının həyatında fəal mövqelərinin olmasının vacibliyi qeyd edərək bildirmişdir ki, o, azərbaycanlıları Rusiyada parlament seçkilərində fəal iştirak etməyə çağırmışdır və qarşıdan gələn prezident seçkilərində də fəal iştirak etməyə çağırır.

Səfir Azərbaycan diasporunun regional bölmələrinin fəaliyyətində müsbət nümunələrə toxunaraq, Azərbaycan milli-mədəniyyət mərkəzinin açılışı ilə əlaqədar Yaroslavl şəhərinə səfəri haqqında danışmışdır. O, şəhərin və vilayətin azərbaycanlılarını özündə birləşdirən, şəhər və vilayət hakimiyyəti ilə sıx əməkdaşlıq edən Yaroslavl Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin (YAMMM) fəaliyyətini yüksək qiymətləndirmişdir. YAMMM öz şəxsi vəsaiti Mərkəz üçün binanı əsaslı təmir etdirmiş və qeyd edilən mərkəzi açmışdır. Polad Bülbüloğlu həmçinin bildirmişdir ki, Azərbaycan diasporu tərəfindən Moskvada Azərbaycan, Rus və ingilis dillərinə təlimin aparılacağı müasir uşaq bağçasının açılması onu çox sevindirmişdir.

Səfir Rusiyada çoxsaylı uğurlu layihələr həyata keçirən Heydər Əliyev Fondunun Rusiya Nümayəndəliyinin fəaliyyətini xüsusilə qeyd etmişdir.

Polad Bülbüloğlu çıxışında Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) III qurultayının əhəmiyyətini vurğulamış və bildirmişdir ki, Azərbaycan Səfirliyi azərbaycanlılarının Rusiyada fəaliyyət göstərən bütün ictimai qurumları ilə əməkdaşlığa hazırdır.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə dünya azərbaycanlılarına müraciəti oxunmuşdur.

Tədbirin qeyri-rəsmi hissəsində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Asiya və Afrika Ölkələri İnstitutunun Azərbaycan dilini öyrənən rusiyalı tələbələri tərəfindən "Arşın mal alan" operettasından səhnələr nümayiş etdirilmiş və azərbaycan dilində şerlər oxunmuşdur.

Sonda xüsusi xidmətlərinə görə fərqlənən Azərbaycan diasporunun bir qrup fəalına, habelə MDU-nun Asiya və Afrika Ölkələri İnstitutunun tələbələrinə Səfirlik tərəfindən fəxri fərmanlar və pul mükafatları təqdim edilmişdir.

Tədbirdə Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov, Yekaterinburqdakı baş konsulu Sultan Qasımov, Rusiyanın regionlarında fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının 60-dan çox regional bölmələrinin rəhbərliyi və nümayəndələri və gənclər iştirak etmişlər.