Moskvada Azərbaycanın müstəqilliyinin 20 illiyi qeyd edilmişdir
19 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 20 illiyi ilə əlaqədar qəbul keçirilmişdir.
Azərbaycanın və Rusiyanın dövlət himnləri səsləndirilmişdir. Daha sonra Səfir Polad Bülbüloğlu təbrik sözləri ilə çıxış etmişdir. O, Azərbaycanın ən yeni tarixinə nəzər salaraq qeyd etmişdir ki, 1991-ci ildə dövlət müstəqilliyi bərpa edilmiş müasir Azərbaycan Respublikası 18 oktyabr 1918-ci ildə yaradılmış Azərbaycan Demokratik Respublikasının varisidir. Səfir vurğulamışdır ki, son 20 ildə ölkə böyük sınaqlardan keçmiş, 90-cı illərdə əvvəlcə iqtisadi böhran, daha sonra isə vətəndaş müharibəsi təhlükəsi ilə üzləşmişdir. O xatırlatmışdır ki, ölkənin ən ağır vaxtlarında respublikanın ziyalıları ümummilli lider Heydər Əliyevdən Azərbaycana rəhbərlik etməyi xahiş etmişlər. Polad Bülbüloğlu demişdir ki, "məhz onun gəlişi ilə ciddi iqtisadi və sosial sarsıntılar keçirən, Ermənistanın hərbi təcavüzünə məruz qalan ölkə tədricən bərpa olunmağa başlamışdır. Praktiki olaraq, 1993-cü il müasir Azərbaycanın yenidən dirçəlişinin başlanğıcı anıdır". "Bu gün Azərbaycan öz neft kapitalını çox ağıllı şəkildə insan kapitalına çevirən inkişaf etmiş ölkədir. Ölkədə təhsil və səhiyyə sahələrində, həyata atılan gənc nəslin rifahı üçün geniş miqyaslı işlər görülür, təkcə Bakı şəhəri deyil, həmçinin regionlar tanınmayacaq dərəcədə sürətlə dəyişərək inkişaf edirlər".
Azərbaycan-Rusiya əlaqələrinin hazırkı səviyyəsinə toxunan Səfir qeyd etmişdir ki, Azərbaycan Rusiya ilə əlaqələri çox yüksək qiymətləndirir və bu əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə çatdırılmışdır. Səfir demişdir ki, "Azərbaycanın böyük şimal qonşusu və MDB-dəki tərəfdaşı kimi Rusiya Azərbaycan diplomatiyasının fəaliyyətinin ən vacib sahələrindən biridir". O, Azərbaycana Respublikasının Prezidenti cənab İlham Əliyevin ərəb televiziya və radio stansiyası "Əl-Cəzirəyə" Azərbaycan-Rusiya münasibətləri və V.Putinin gələn ilin martında hakimiyyətə gəlmə ehtimalı ilə bağlı verdiyi müsahibədən sitatlar gətirdi. Azərbaycan Prezidenti Azərbaycan-Rusiya münasibətlərini yüksək qiymətləndirir, xüsusi ilə 2001-ci ildə Vladimir Vladimiroviç Putinin Prezident kimi ilk dövlət səfərini Azərbaycana etməsini, belə ki, onadək müstəqil Rusiyanın heç bir dövlət başçısı Azərbaycana səfər etməmişdir. Azərbaycan-Rusiya münasibətlərinin tənzimlənməsində bu bizim üçün çox vacib amildir deyə Səfir davam etdi. Daha sonra Səfir Rusiyanın hazır ki Prezidenti Dmitriy Medvedevin münasibətlərimizin inkişafı, xüsusi ilə Respublikamız üçün ağır olan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində çox işlər gördüyünü qeyd etdi. Səfir “Bu məsələni sülh yolu ilə həll etməyə ümidimizi itirmirik, məhz bu istiqamətdə çalışan Rusiya beynəlxalq hüquq çərçivəsində fəaliyyət və dəstək göstərir. Biz inanırıq ki, Rusiya Federasiyasının köməyi ilə bu münaqişə öz həllini tapacaqdır” deyə vurğulamışdır.
İqtisadi əməkdaşlıq məsələlərinə toxunan Səfir demişdir ki, bu il iki ölkə arasında ticarət mübadiləsinin həcminin 3 milyard ABŞ dollarına çatacağı gözlənilir. Polad Bülbüloğlu bütün sahələrdə, o cümlədən humanitar sahədə əlaqələrin inkişaf etdiyini qeyd edərək, 10-11 oktyabr 2011-ci ildə Bakıda Rusiya və Azərbaycan Prezidentlərinin himayəsi altında Beynəlxalq Humanitar Forumun keçirilməsini, həmçinin Heydər Əliyev Fondu tərəfindən Moskvada M.İ.Rudomino adına Xarici Ədəbiyyat Dövlət Kitabxanasında Azərbaycan Mədəniyyət Mərkəzinin açılmasını xatırlatmışdır.
Daha sonra RF-nın xarici işlər nazirinin müavini, stats-sekretar Qriqoriy Karasin çıxış etmişdir. O qeyd etmişdir ki, bugünkü bayram Azərbaycan və Rusiya xalqları üçün ümumidir. Onun sözlərinə görə, iki onillik ərzində Azərbaycan Respublikası yeni müasir dövlətin qurulması yolunda əminliklə, uğurla və səmərəli şəkildə irəliləyir, ilbəil özünün iqtisadi və sosial-mədəni potensialını genişləndirir, tarazlaşdırılmış xarici siyasət aparır, yüksək ictimai inkişaf göstəriciləri nümayiş etdirir. "Bu gün demək olar ki, güclü, müstəqil, sabit və inkişaf etməkdə olan dövlətin əsasında görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyev dayanır və onun işlərini ölkənin hazırkı rəhbərliyi əminliklə davam etdirir".
Q.Karasinin sözlərinə görə, Rusiya Azərbaycanın timsalında ən geniş dairəli məsələlər üzrə konstruktiv dialoq aparmağa qabil olan etibarlı, sadiq və perspektivli tərəfdaş görür. "Qarşılıqlı əməkdaşlığın əsasında ölkələrimizin prezidentləri – Dmitriy Medvedyev və İlham Əliyev arasında yaranmış, qarşılıqlı etimad və hörmətə əsaslanan münasibətlər durur". "Dost ölkələrimiz arasında əlaqələr tam şəkildə dövlətlərimizin, Rusiya və Azərbaycan xalqlarının arzularına cavab verən strateji tərəfdaşlıq və mehriban qonşuluğun, qarşılıqlı əlaqələrin gücləndirilməsinin zəmanəti, Qafqaz və Xəzər regionlarında sabitlik və təhlükəsizlik amilidir" deyə Qriqoriy Karasin vurğulamışdır.
Təntənəli qəbulda RF-də akkreditə olunmuş diplomatik missiyaların nümayəndələri, səfirlər, Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin nümayəndələri, müxtəlif nazirlik və idarələrin əməkdaşları, deputatlar, senatorlar, ziyalılar, həmçinin Azərbaycan diasporunun üzvləri və gənclər iştirak etmişlər.