Azərbaycan diasporunun nümayəndələri Moskvaya uşaq bağçası hədiyyə etmişlər
24 dekabrda Moskvada azərbaycanlı sahibkarlar tərəfindən "SET Schools beynəlxalq təhsil mərkəzi" layihəsi çərçivəsində inşa edilmiş uşaq bağçasının təntənəli açılış mərasimi olmuşdur.
Yetmişdən çox uşaq üçün nəzərdə tutulmuş bağçada təlim Azərbaycan, rus və ingilis dillərində aparılacaqdır. Açılış mərasimi Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmişdir. Layihə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin dəstəyi ilə Azərbaycan diasporunun nümayəndələri, Moskvada Azərbaycanlıların Mədəniyyət və Həmrəylik Mərkəzinin üzvləri tərəfindən həyata keçirilmişdir.
Uşaq bağçasının icraçı direktoru Yelena Kanareykina təntənəli mərasimi açaraq, bir çox ailənin ehtiyac duyduğu məktəbəqədər müəssisənin yaradılmasına görə Azərbaycan Səfirliyinə və azərbaycanlı sahibkarlara səmimi minnətdarlığını bildirmişdir. O, həmçinin mərasimdə iştirak etdiyinə görə Azərbaycanın Rusiyadakı Səfiri Polad Bülbüloğluna təşəkkür etmişdir.
Öz növbəsində Polad Bülbüloğlu demişdir ki, Azərbaycan diasporunun nümayəndələri tərəfindən yeni uşaq bağçasının açılması çox əhəmiyyətli hadisədir və ölkəmizin və azərbaycanlıların imicini daha yüksək pilləyə qaldırır. Bu layihə ilə bağlı təşəbbüsün irəli sürülməsi və realizə edilməsinin özü hər cür təşviqə və dəstəyə layiqdir. Bu həmçinin həmvətənlərimiz üçün yaxşı örnəkdir. Rusiyalı və azərbaycanlı uşaqlar üçün nəzərdə tutulmuş uşaq bağçasının Azərbaycan Prezidenti İlham Əliyevin ad günündə açıldığını vurğulayan Səfir Rusiyada yaşayan azərbaycanlılar adından dövlətimizin başçısına cansağlığı və xoşbəxtlik arzulamışdır.
Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) baş katibi Mikayıl Hüseynov əlavə etmişdir ki, ÜAK həmvətənlərimizin təhsil və humanitar layihələrin icrasına yönəlmiş təşəbbüslərini dəstəkləyir. ÜAK da həmvətənlərimizi Rusiya cəmiyyətinin ictimai və sosial həyatında iştirak etməyə həvəsləndirir.
Uşaq bağçasının direktoru Elxan Bənnayev və bağçanın təsisçilərindən biri İlqar Həmidov çıxışlarında beynəlmiləl xarakter daşıyan, uşaqları tolerantlıq və başqa mədəniyyətlərə hörmət ruhunda tərbiyə edəcək uşaq bağçasının yaradılması ideyasından danışmışlar. İlqar Həmidov demişdir: "Bir il əvvəl biz yeni konseptual təhsil mərkəzi açmaq qərarına gəldik və hesab edirik ki, bu layihənin icrası biznesin Rusiya cəmiyyətinə töhfəsidir".
Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təbrik məktubu oxunmuşdur. Məktubda Leyla Əliyevanın uşaq təhsil mərkəzinin yaradıcılarının təşəbbüslərini dəstəklədiyi bildirilir və Azərbaycanda məktəbəqədər təhsilin inkişafına göstərilən böyük diqqət vurğulanır. Leyla Əliyevanın adından uşaq bağçasına yeni il hədiyyələri, oyuncaqlar və uşaq kitabları təqdim olunmuşdur.
Tədbirin yekununda uşaqlar musiqi kompozisiyaları ilə çıxış etmişlər.