Azərbaycanın xalq yazıçısı Mirzə İbrahimovun 100 illik yubileyi Moskvada qeyd olunmuşdur

10 dekabrda Moskva Millətlər Evində Azərbaycanın Xalq Yazıçısı, görkəmli dövlət və ictimai xadim Mirzə İbrahimovun anadan olmasının 100 illiyinə həsr olunmuş gecə keçirilmişdir.

Azərbaycan Respublikasının Rusiyadakı Səfirliyinin dəstəyi ilə "Ocaq" Azərbaycan Mədəniyyəti Cəmiyyətinin və Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsi tərəfindən təşkil edilmiş gecədə hər iki ölkənin yaradıcı ziyalılarının nümayəndələri, Rusiya yazıçıları, Azərbaycan diasporunun nümayəndələri, M.İbrahimovun ailə üzvləri iştirak etmişlər.

"Ocaq" Azərbaycan Mədəniyyəti Cəmiyyətinin sədri, əməkdar elm xadimi Tofiq Məlikli yazıçının həyat və yaradıcılığı, Azərbaycan ədəbiyyatı və mədəniyyətindəki rolu və yeri haqqında danışmışdır. O, xüsusilə vurğulamışdır ki, Mirzə İbrahimovun bütün parlaq və qeyri-adi ömür yolu mərdlik, vətənpərvərlik və öz prinsipləri və idealları uğrunda mübarizə örnəyidir. Tofiq Məlikli, həmçinin Mirzə İbrahimovun Azərbaycan Milli Elmlər Akademiyasının yaradılmasında, Azərbaycan dilinin respublikada aparıcı rolunun bərpasındakı səyləri haqqında danışmışdır.

Azərbaycanın Rusiyadakı Səfiri Polad Bülbüloğlu çıxışında qeyd etmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə XX əsrin dahi Azərbaycan yazıçısı Mirzə İbrahimovun yubileyi respublikada geniş qeyd edilir. O, görkəmli xadim haqqında xatirələrini bölüşərək demişdir ki, M.İbrahimov gələcək nəsillərə zəngin yaradıcılıq irsini qoymaqdan əlavə, o, xalqımızın öz ana dilində danışıb-yazmaq hüququnu cəsarətlə müdafiə edən qeyrətli və prinsipial bir insan kimi tarixə düşmüşdür. Səfir demişdir: "Əsas məsələ budur ki, Azərbaycan xalqı Mirzə İbrahimovun xidmətlərini xatırlayır və bundan sonra da xatırlayacaqdır". Bu tədbir üçün xüsusi olaraq Moskvaya gəlmiş Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayev M.İbrahimovun həyatı ilə bağlı dövlət arxivlərində saxlanılan, lakin ictimaiyyətə az məlum olan epizodlardan danışmış, şəxsi xatirələrini bölüşmüşdür. Ç.Abdullayev ziyalılığı, qətiyyətli vətəndaş mövqeyi və müdrikliyi ilə seçilən yazıçının şəxsi keyfiyyətləri üzərində ətraflı dayanmışdır.

Bir neçə il Mirzə İbrahimovun köməkçisi olmuş tanınmış yazıçı və publisist, Milli Məclisin deputatı Elmira Axundova öz xatirələrini bölüşmüşdür. O, yazıçının yüksək insani keyfiyyətlərini, şəraitdən və çalışdığı yüksək vəzifələrdən asılı olmayaraq prinsipiallığını xarakterizə edən çoxlu nümunələr gətirmişdir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin başladığı ağır dövrü xatırlayan E.Axundova Rusiya KİV-lərində Azərbaycana qarşı yönəlmiş erməni təbliğat maşını ilə Azərbaycan ziyalılarının qarşıdurmasına Mirzə İbrahimovun verdiyi töhfəni xüsusilə vurğulamışdır. O demişdir: "Mirzə İbrahimov Dağlıq Qarabağ münaqişəsi ətrafındakı faciəli hadisələrlə bağlı böyük narahatlıq hissi keçirirdi. O, öz ölkəsinin əsl vətənpərvəri və vətəndaşı idi".

Tanınmış şair Nəsib Nəbioğlu Mirzə İbrahimovla bağlı xatirələrini bölüşmüş və yazıçının Kəlbəcərə birinci səfəri zamanı Azərbaycanın böyüklüyünü ilk dəfə Murovdağdan gördüyünü deməsini diqqətə çatdırmışdır.

Moskva Millətlər Evinin direktorunun müavini Aleksandr Ponomar, Dövlət Duması deputatının köməkçisi Vladislav Şvetsov, şair və tərcüməçi Mixail Sinelnikov yekdilliklə Mirzə İbrahimovun Azərbaycan tarixində əlamətdar şəxsiyyət olduğunu bildirmişlər.

Dahi yazıçının qızı, "Literaturnıy Azerbaydjan" jurnalının baş redaktoru Solmaz İbrahimova xoş sözlərə və atasının fəaliyyətinə verilən yüksək qiymətə görə tədbirin təşkilatçılarına və iştirakçılara səmimi minnətdarlığını bildirmişdir.

Gecədə Azərbaycan televiziyasının M.İbrahimov haqqında çəkdiyi sənədli filmdən fraqmentlər göstərilmişdir. Tədbir iştirakçılarına Nəsib Nəbioğlunun M.İbrahimovun həyat və yaradıcılığına həsr olunmuş məqalələrinin yer aldığı "Literaturnaya qazeta", "Azerbaydjanskiy konqres" qəzetləri və "Naşe Vremya" jurnalı paylanılmışdır.